Dövlət başçısı Ərdoğan Pasxa bayramı münasibətilə yaydığı mesajında Anadolunun “sülh diyarı” olduğunu ifadə edərək, din azadlığını da vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Pasxa bayramı münasibətilə xristianları təbrik edib.
"Müxtəlif kilsə və qruplara mənsub xristian vətəndaşlarımızı Pasxa bayramı münasibətilə təbrik edirəm", - Ərdoğan aprelin 21-də verdiyi açıqlamada deyib.
“Hörmət və sevgiyə əsaslanan bir sivilizasiyanın üzvləri olaraq, Anadolunu min illərdir sülh diyarına çevirən bütün vətəndaşlarımızın öz din, mədəniyyət və adət-ənənələrini yaşamaq azadlığına böyük əhəmiyyət veririk”, -deyə dövlət başçısı qeyd edib.
Ərdoğan birlik, qardaşlıq və paylaşmağın rəmzi olan Pasxa bayramının təqdim etdiyi sülh və sevgi ruhunun insanlığı daim müşayiət etməsini arzulayaraq deyib:
“Bu hiss və düşüncələrlə bir daha bütün xristianları, xüsusən də xristian vətəndaşlarımızı Pasxa bayramı münasibətilə təbrik edir, onlara rifah arzularımı çatdırıram”.