TÜRKİYƏ
2 dəqiqə oxuma
Ərdoğan Papa Fransiskin vəfatı münasibətilə başsağlığı verdi
Təxminən 1,4 milyard Roma Katolik xristianının ruhani lideri ikili pnevmoniya xəstəliyindən əziyyət çəkdikdən sonra vəfat etdi
Ərdoğan Papa Fransiskin vəfatı münasibətilə başsağlığı verdi
Roma Papası Fransisk / Reuters
22 aprel 2025 г.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Katolik dünyasının ruhani lideri Papa Fransiskin vəfatı ilə bağlı başsağlığı verib.

Ərdoğan “X” sosial media hesabında etdiyi paylaşımda Papa Fransiskin vəfatını dərin kədərlə qarşıladığını bildirərək onun həm dövlət adamı, həm də humanitar məsələlərə həssas yanaşan bir ruhani lider olduğunu vurğulayıb.

“Katolik dünyasının ruhani lideri, Vatikan Dövlətinin başçısı Papa Fransiskin vəfatını üzüntü ilə öyrəndim. Papa Fransisk xüsusilə Fələstin məsələsi və Qəzzadakı soyqırım da daxil olmaqla, humanitar faciələr qarşısında təşəbbüs göstərən bir ruhani lider idi” – deyə Ərdoğan qeyd edib.

Prezident sonda mərhumun ailəsinə, Vatikan Dövlətinə və bütün Katolik dünyasına öz adından və Türk milləti adından başsağlığı verdiyini ifadə edib.

“Ümumbəşəri dəyərləri ön planda tutan liderlik nümunəsi”

Türkiyə Din İşləri üzrə İdarənin sədri Əli Ərbaş da Türkiyədə yaşayan katoliklər başda olmaqla bütün Katolik dünyasına başsağlığı verib. Ərbaş 13 aprel 2024-cü ildə Vatikanı ziyarət etdiyini və həmin vaxt Papa ilə birlikdə Qəzzadakı əzabların sona çatdırılması üçün birgə çağırış etdiklərini xatırladıb.

Ərbaş “X” platformasında etdiyi paylaşımda "Birlikdə Qəzzada baş verən soyqırımı dayandırmaq üçün bütün bəşəriyyəti hərəkətə keçməyə çağırdıq" deyib. O, həmçinin məscidlərə, kilsələrə, uşaqlara, qadınlara və günahsız insanlara fərq qoymadan edilən hücumlar səbəbilə dərin kədərini ifadə edib.

Türkiyənin vitse-prezidenti də Vatikan və Katolik dünyasına başsağlığı verib.

Cevdet Yılmaz "Dünyanın vicdanını yaralayan bir çox humanitar böhran qarşısında onun həssas yanaşması, xüsusilə Qəzzadakı soyqırım və Fələstin xalqının üzləşdiyi ədalətsizliklərə qarşı açıq və qəti mövqeyi, ümumbəşəri dəyərləri ön planda tutan liderlik nümunəsi olaraq xatırlanmağa davam edəcək", -deyə qeyd edib.

Xatırladaq ki, mərhum Papa fevral ayında bronxit diaqnozu ilə Romadakı xəstəxanaya yerləşdirilmişdi və bu vəziyyət ikitərəfli sətəlcəmə çevrilmişdi. O, 38 gün sonra Vatikan iqamətgahında sağalmasını davam etdirmək üçün xəstəxanadan çıxarılmışdı. Vatikan aprelin 21-də onun vəfatını elan edib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us