Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək aprelin 23-də Vaşinqtonda ABŞ-ın maliyyə naziri Skott Bessent ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional strateji əməkdaşlığı müzakirə edib.
Görüşlə bağlı açıqlamanı Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi yayıb.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədri Fatih Karahanın da iştirak etdiyi toplantı rəsmilərin “konstruktiv atmosfer” adlandırdığı şəraitdə keçib. Hər iki nümayəndə heyəti NATO daxilində müttəfiq olan Türkiyə və ABŞ liderləri Rəcəb Tayyib Ərdoğan və Donald Trampın çoxşaxəli münasibətləri inkişaf etdirmək üçün ortaq siyasi iradəsini təsdiqləyib.
Tərəflər ticarət, investisiya və enerjiyə diqqət yetiriblər
Görüşlərdə investisiya, ticarət, nəqliyyat və enerji kimi əsas sektorlarda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Mehmet Şimşək xüsusilə müdafiə sənayesində ikitərəfli əməkdaşlığa mane olan mövcud məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Bu mövzu münasibətlərin inkişafı üçün həssas, lakin kritik sahə hesab olunur.
Türkiyə nümayəndə heyəti ölkənin davam edən iqtisadi sabitləşdirmə səyləri haqqında da ətraflı məlumat verib.
Həmin çərçivədə nazir Şimşək Ankaranın son beynəlxalq forumlarda, o cümlədən BVF-Dünya Bankının Bahar Görüşlərində nümayiş etdirildiyi kimi “ehtiyatlı və davamlı makroiqtisadi siyasətlərə” sadiqliyini bir daha dilə gətirib.
Tərəflər aktual regional məsələləri də müzakirə ediblər. Türkiyə rəsmiləri Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayaraq, Türkiyənin Ukraynada atəşkəs üçün vasitəçilik etmək üçün davam edən diplomatik səylərinə toxunublar.
100 milyard dollarlıq ticarət hədəfi
Sözügedən danışıqlar Türkiyə-ABŞ iqtisadi əlaqələrində yüksəliş trendinin olduğu bir vaxtda baş tutub. Hər iki hökumət ikitərəfli ticarəti 100 milyard dollar səviyyəsinə çatdırmaq öhdəliyinə sadiq qalıb. Bu rəqəm son diplomatik görüşlərdə da tez-tez vurğulanırdı.
Ekspertlər bildirirlər ki, Vaşinqton səfəri zamanı müzakirə olunan konkret təşəbbüsləri daha da inkişaf etdirmək üçün yaxın aylarda texniki görüşlər keçiriləcək. Türkiyə özünü regional iqtisadi və strateji aktyor kimi yenidən yerləşdirməyə davam etdikcə, Vaşinqtonla gücləndirilmiş əməkdaşlıq əlaqələri ölkənin hədəfində mühüm rol oynaya bilər.