Beynəlxalq Əfv Təşkilatı illik hesabatında İsrailin Qəzzada fələstinliləri "məhv etmək niyyəti ilə" hərəkət etdiyini və mühasirəyə alınmış sahil zolağında soyqırım törətdiyini bildirib.
Beynəlxalq Əfv Təşkilatı aprelin 28-də açıqladığı illik hesabatında İsraili Qəzzada fələstinlilərə qarşı "canlı yayımlanan soyqırımı" həyata keçirməkdə ittiham edib. Təşkilat İsrailin əhalinin böyük bir hissəsini zorla köçürməklə və qəsdən humanitar fəlakət yaratmaqla soyqırım cinayəti törətdiyini bildirib.
İsrail Beynəlxalq Əfv Təşkilatı, bəzi insan hüquqları qruplarının ittihamlarını və Qəzzada apardığı müharibədə "soyqırım" törətdiyini rədd edir.
“Dövlətlər İsrailin minlərlə fələstinlini öldürdüyünü, çox nəsildən ibarət ailələri məhv etdiyini, evləri, dolanışıq vasitələrini, xəstəxanaları və məktəbləri dağıdıb məhv etməsini çarəsiz şəkildə izləyib”, - Beynəlxalq Əfv Təşkilatının Baş katibi Agnes Kallamard bildirib.
''Böyük iztirab''
Beynəlxalq Əfv Təşkilatının hesabatında deyilir ki, İsrail müharibəsi Qəzzadakı fələstinlilərin əksəriyyətini “köçkün, evsiz, ac, həyati təhlükəsi olan xəstəliklərdən əziyyət çəkən və tibbi xidmətdən, elektrik enerjisindən və təmiz sudan məhrum edib”.
Beynəlxalq Əfv Təşkilatı bildirib ki, 2024-cü il ərzində İsrail müharibə cinayətlərini, o cümlədən mülki şəxslərə və mülki hədəflərə birbaşa hücumlar, ayrı-seçkilik və qeyri-mütənasib hücumları sənədləşdirib.
“Misilsiz humanitar fəlakət”
Hesabatda deyilir ki, İsrailin hərəkətləri Qəzza əhalisinin təxminən 90%-ni təşkil edən 1,9 milyon fələstinlini məcburi köçkün vəziyyətinə salıb və “qəsdən misli görünməmiş humanitar fəlakət planlaşdırıb”.
Bəzi Qərb ölkələrinin paytaxtlarında etirazlar keçirilsə də, “dünya hökumətləri fərdi və çoxtərəfli şəkildə dəfələrlə bu vəhşiliklərə son qoymaq üçün mənalı addımlar atmadılar və hətta atəşkəs çağırışlarında da gecikdilər”.
Digər tərəfdən, Beynəlxalq Əfv Təşkilatı da İsrailin işğal olunmuş İordan çayının qərb sahilindəki hərəkətləri ilə bağlı xəbərdarlıq edərək, İsraili “aparteid” (irqi ayrı-seçkilik) sistemini tətbiq etməkdə ittiham edib.
Təşkilatın hesabatında deyilir: "İsrailin aparteid sistemi işğal altındakı İordan çayının qərb sahilində getdikcə zorakılığa çevrilib. Bu, özünü israilli mühacirlər tərəfindən fələstinli mülki şəxslərə qarşı qeyri-qanuni qətllərin və dövlət tərəfindən dəstəklənən hücumların kəskin artmasında özünü göstərib".
Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Heba Morayef “son bir il ərzində Qəzzadakı fələstinlilərin hər gün məruz qaldığı ağır əzabları” vurğulayıb və “dünyanın bunu dayandırmaq mövzusundakı acizliyini və ya siyasi iradəsinin olmamasını” pisləyib.