Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə gecə boyunca hücumu zamanı Şimali Koreya istehsalı olan ballistik raketdən istifadə etdiyini iddia edib, nəticədə 12 nəfərin öldüyünü, 90 nəfərin yaralandığını bildirib.
Cənubi Afrikada səfərdə olan Zelenski aprelin 24-də "X" hesabından etdiyi paylaşımda deyib: "İlkin məlumata görə, ruslar Şimali Koreyada istehsal olunmuş ballistik raketdən istifadə ediblər. Xüsusi xidmət orqanlarımız bütün detalları yoxlayır.
İddialar təsdiqlənərsə, raketdən istifadə “Rusiya və Pxenyan arasında ittifaqın cinayət xarakterini” göstərəcək”.
Bundan əvvəl Ukrayna Rusiyanın Kiyevə raket hücumu nəticəsində 10 nəfərin öldüyünü, 90 nəfərin yaralandığını bildirsə də, sonradan dağılmış infrastrukturun dağıntıları altından daha iki cəsədin tapıldığı qeyd edilib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Tymur Tkaçenko "Telegram" hesabından bildirib ki, xilasedicilər Svyatoşinski rayonunda dağıntılar altından daha iki cəsədi çıxarıblar. Hazırda 12 nəfərin həlak olduğu təsdiqlənib.
Tkaçenko həmçinin qeyd edib ki, hücum nəticəsində ən azı 12-si uşaq olmaqla 90 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Tkaçenko onu da bildirib ki, şəhərin Holosiivski, Şevçenkivski, Solomyanski, Obolonski və Desnyanski rayonları da hədəfə alınıb.
Ukrayna Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə vasitələrinin gecə saatlarında Rusiyanın atdığı 70 raketdən 48-nin və 145 pilotsuz uçuş aparatından 64-nün qarşısını aldığını iddia edib.
Tramp Putini hücumları dayandırmağa çağırıb
Digər tərəfdən, prezident Donald Tramp Rusiya lideri Vladimir Putini nadir tənqid olaraq Ukraynaya hücumları dayandırmağa çağırıb.
ABŞ prezidentinin Putinə birbaşa müraciəti Zelenskinin müttəfiqlərindən Rusiyaya daha çox təzyiq göstərməyi və işğalı dayandırmağı istəməsindən sonra baş verib.
Tramp sosial mediada “Rusiyanın hücumlarından məmnun deyiləm” deyib.
"Bu, lazımsız və çox pis vaxtdır. Vladimir DAYAN!"
Tramp Rusiyaya üstünlük verməkdə ittiham olunur və Zelenskini tez-tez tənqid edir. Moskvanın müharibəni bitirmək üçün hansı güzəştləri təklif edəcəyini soruşduqda Tramp belə cavab verib: “Bütün ölkəni ələ keçirməyi dayandırmaq olduqca ciddi güzəştdir”.